Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Koronavirusun Britaniya ştamı Azərbaycanda qeydə alınsa da, infeksiyanın yayılma sürətinə ciddi təsir göstərməyib

Koronavirusun Britaniya ştamı Azərbaycanda qeydə alınsa da, infeksiyanın yayılma sürətinə ciddi təsir göstərməyib
Advert
07 May 2021 - 11:30
Advert

Qloballaşan dünyada sərhədlər bağlı olsa da bu, koronavirusun yayılmasına tam şəkildə əngəl ola bilmədi. Sərhədlərin bağlı olması yayılma sürətini yavaşlatsa da tam qarşısını ala bilmir. Odur ki, Hindistan ştamı Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İngiltərədə varsa, ölkəmizə də gəlmə ehtimalı yüksəkdir.

DoktorAZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov deyib.

N.Seyidovun sözlərinə görə, ölkəmizdə koronavirusun Britaniya ştamı qeydə alınsa da, o infeksiyanın yayılma sürətinə ciddi təsir göstərmədi: “Azərbaycanda əhalinin böyük hissəsi Bakıda olduğundan əksər proseslər burada baş verir. Paytaxtda kollektiv immunitetə doğru addımlayırıq. Burada insanların əksəriyyəti ya virusa yoluxaraq sağalıb, ya da ki, vaksinasiya olunub. Azərbaycanın 10 milyon əhalisinin təxminən 3 milyonu 18 yaşdan aşağıdır. Ölkəmizdə koronavirus əleyhinə vaksinin birinci dozasını qəbul edənlərin sayı 1 milyona yaxınlaşır. İkinci dozanı qəbul edənlərin sayı 600 mindən çoxdur. Azərbaycanda koronavirus əleyhinə 1,6 milyon dozaya yaxın vaksin vurulub. Ən həssas vətəndaşlar ilk olaraq vaksinasiyaya cəlb olunublar ki, onların da xəstəliyi ağır keçirmə və ölüm riski yüksəkdir. Hazırda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Ona görə də ötən il ilə müqayisədə hazırda ölkəmizdə koronavirus daha az təhlükə törədir. Xəstəxanalarda çarpayı fondumuz da kifayət qədərdir. Bir çox xəstəxanalar da COVID xəstəxanalarına çevrilməyib və imkanlar daha genişdir. Yoluxma sayları belə davam edərsə və Hindistan ştamının da sürətli yayılma və ölümcüllük baxımından nə Britaniya, nə də adi koronavirusun A, B, C ştamlarından elə də fərqi olmadığı təsdiqlənərsə, o zaman həmin ştam ölkəmizə təhlükə törətməz. Burada yeganə problem bəzi ştamların vaksinlərə qarşı rezistent ola bilmə ehtimalıdır. Məsələn tədqiqatların birinin nəticəsində Cənubi Afrika ştamının “Pfizer” vaksininə qarşı rezistentliyi göstərilir. Çin vaksininin müəyyən müddətdən sonra əlavə dozasının vurulmasına ehtiyac ola bilər. Yaxud da Çin vaksini ilə peyvənd olunanların və 6, 9, 12 aydan sonra immuniteti zəifləmiş vətəndaşlara ya əlavə dozanın, ya da başqa vaksinin vurulması gündəmdə ola bilər ki, immunitet daimi güclü qalsın. Uşaqlara doğulanda, 1-3-6 yaşlarında qızılcaya, məxmərəyə və digər xəstəliklərə görə eyni vaksin vurulur. Onlar, həmçinin Hepatit B-yə qarşı üç dəfə peyvəndlənirlər – doğulan kimi, 1-ci və 6-cı aylarında. Çünki həmin vaksinlər bir neçə dəfə vurulmalıdır ki, immunitet güclü formalaşsın. Buna səbəb həmin vaksinlərin ölmüş virus olması və onun immunitet yaratma qabiliyyətinin çox zəif olmasıdır. Hazırda dövlət tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Azərbaycana artıq üç vaksin əlçatandır. Hər üç vaksin bir neçə ölkədə istifadə edilir və təhlükəsizliyini sübuta yetirib. Əlbəttə ki, bütün vaksinlərin yan təsirləri var. Onlar isə çox nadir rast gəlinir. Üç vaksin arasında tədqiqatlarda yan təsirləri qeydə alınan “AstraZeneca” şirkətinin vaksinidir. Bu da ki, çox nadir hallarda tromboz riski verir. Nəzərə almaq lazımdır ki, COVID-19 xəstəliyi də tromboz yaradır. Xəstələrin də bir çoxunun ölümünə səbəb olan ağciyər və ürək damarlarında yaranan trombozdur. Ümumilikdə, bir çox vaksinlərdə tromboza meyillilik var. “Johnson & Johnson” şirkətinin istehsal etdiyi vaksin də tromboza meyilliliyi artırır. Bu, hər kəsdə deyil, yalnız spesifik qrup xəstələrdə qeydə alınır. Ona görə də “AstraZeneca” şirkətinin vaksini 60 yaşdan yuxarı şəxslər üçün daha uyğundur. Çünki tədqiqatlar zamanı həmin peyvənd yaşlılarda deyil, daha gənc insanlarda problemə səbəb olub. Əlbəttə ki, bu, dövlət tərəfindən tənzimlənir. Vaksinlər tam araşdırıldıqdan sonra dövlətimiz onu əldə etməyə çalışır. İlk növbədə ən təhlükəsiz olanı tətbiq edilir. Tədqiqatların nəticəsi açıqlandıqca növbəti vaksinlər də tətbiq olunacaq. O cümlədən “Biontech/ Pfizer” vaksininin də Azərbaycana gətirilməsi gündəmdədir. Həmin vaksin də çox təhlükəsizdir. Hər kəs bilməlidir ki, koronavirusdan qurtulmağın ən önəmli yolu vaksinasiyadır. Heç kim də bunu inkar edə bilməz”.

İSİM-in şöbə müdiri bildirib ki, son 20-30 ildəki tədqiqatları və digər vaksinləri götürdükdə eyni bakterial və ya virus xəstəliyinə qarşı bir peyvənddən sonra başqa vaksinin vurulması nəzəri və praktik cəhətdən problemə səbəb olmayıb. Lakin koronavirus yeni infeksiya olduğu üçün və vaksinlərin əksəriyyətinin yeni metodologiya ilə hazırlanması səbəbindən bunları qarışdırmaq tövsiyə olunmur. Yəni birinci doza hansı vaksindən vurulubsa, ikincinin də eyni peyvənddən vurulması məsləhət görülür.

“Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə Azərbaycanda yeni tədqiqat başlayacaq. Həmin araşdırmada tibb işçiləri iştirak edəcəklər. Tədqiqat çərçivəsində 12 ay ərzində Çin vaksinin həm effektivliyini, həm də ən əsası immunitetin neçə müddət davam etməyini araşdıracağıq. Araşdırmada paytaxt üzrə 1500 tibb işçisinin iştirakı nəzərdə tutulur. Yəni peyvənd olunmuş həmin tibb işçiləri 12 ay ərzində müşahidə altında olacaqlar. Bir ilin nəticəsi olaraq immunitetin neçə müddət qalması, təkrar dozaya ehtiyac olub-olmaması, təkrar dozanın vurulma vaxtı, vurulmadığı təqdirdə yenidən yoluxmanın olma ehtimalı öyrəniləcək”, – deyə N.Seyidov qeyd edib.


OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert
Advert
MaraqlıÖlkəSağlamlıqXəbər LentiXəstəxanalar
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Diş xəstəlikləriKardiologiyaÖlkəSağlam QidaSağlamlıqXəbər Lenti
Limonlu suyun faydaları nədir, nə üçün istifadə olunur? Limon su arıqlamağa kömək edirmi?
Kişi SağlamlığıMaraqlıQadın SağlamlığıSağlamlıqXəbər Lenti
6 saatdan az yatmaq Alzheimer, xərçəng və sonsuzluğa səbəb olur
MaraqlıSağlam QidaSağlamlıqXəbər Lenti
Soyuqdəymə zamanı tez sağalmaq üçün bunları için

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2021