Hazırda tibb müəssisələrində ağciyərlərində “buzlu şüşə” görüntüsü aşkarlanan 600-dən çox xəstə müalicə olunur

Xəstəliyin daha irəli getmiş mərhələsində yuxarı tənəffüs yollarında virus aşkar olunmur. Virus daha çox aşağı tənəffüs yollarını – ağciyərləri əhatə edir. “Buzlu şüşə” dediyimiz görüntü ağciyər toxumasının zədələnməsini, orada fibroz toxumanın əmələ gəlməsini göstərir. Bu, çox təhlükəli mərhələdir. Hazırda tibb müəssisələrində müalicə alan 600-dən çox belə xəstə var. Biz onları COVID-19 xəstəliyi kimi qiymətləndirərək müalicəyə cəlb etmişik.

DoktorAZ.Com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Bunun səbəbi insanların xəstəliyi gecikdirməsi, evdə özünü müalicəyə cəhddir. Xəstəlik gecikdiriləndə virus yuxarı tənəffüs yollarında aşkarlanmır, aşağı tənəffüs yollarında tomoqrafiya müayinəsi ilə aşkarlanır. Ümumiyyətlə, PSR testlərlə xəstəliyin aşkar olunması 70 faiz təşkil edir. 30 faiz hallarda bu, olmaya bilər. Ona görə testlər də klinik əlamətlərlə birlikdə dəyərləndirilir və tibb müəssisələri buna birgə nəzarət edirlər”, – deyə TƏBİB-in İdarə Heyətinin sədri bildirib.

Bir cavab yazın